Üzbəüz oturan gənc xanım, fotoqraf, siqaretini çəkib qurtaranda sevinirəm. Çöldə qar yağıb. Biz, təqribən 10-12 adam, yarı zirzəmidə yerləşən gürcü restoranın fərdi otaqlarından birində oturub gurcü xəngəli gözləyirik. Otağa qızdırıcı gətirib qoyublar, heç yerdən hava gəlmir.
Çox keçmir fotoqrafın əri siqaret yandırır.
Yanımda oturan rəfiqəm: “Ona demək lazimdır ki, burda siqaret çəkməsin.”
Mən fotoqrafın ərinə: “Zəhmət olmasa siqareti burda çəkməzdiniz.”
O sakitcə: “Axırıncıdır.”deyib siqareti cəkməyinə davam edir.
Otaqda tüstü qatılaşır. Nəhayət, yanımda oturan sözü ötkəm xanım: “Çıx, onu çöldə çək” deyir." Oh, canımız siqaretin tüstüsündən qurtarır!
Evdə Azərbaycan Respublikasinin Tütün və tütün məmulatı haqqında qanununa baxıram. Orda 21.1.3 bənddə deyilir ki, Azərbaycan Respublikasında yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə siqaret çəkmək qadağandır. O zirzəmidəki gürcü restoranı hansı kateqoriyadan olduğunu bilmirəm, amma bizim xəngəl yediyimiz o dar otaq yüksək kateqoriyalı restorana heç oxşamırdı. O biri tərəfdən, əgər qanun siqaretin sağlamlığa mənfi təsirini azaltmağa yönəlibsə bunun restoranın kateqoriyası ilə nə əlaqəsi var?
Qanunda demək olar bütün ictimai yerlərdə tütündən istifadə qadağan olunur, lap inkşaf etmiş ölkələrdəki kimi. Amma fakt odur ki, siqareti hər yerdə çəkirlər. Azərbaycan Statistika Komitəsinin məlumatına görə Azərbaycandakı kişilərin 36%-i qadınların isə 0 %-i siqaret çəkir (məncə həqiqi rəqəmlər daha böyükdür).
Bir də tütün və tütün məmulatı haqqında qanunda deyilir ki, tütün məmulatının istehlakına nəzarət tədbirləri dövlət ekoloji və sağlamlıq proqramlarının tərkib hissəsi olaraq dövlət büdcəsi və digər mənbələr hesabına maliyyələşdirilir. (Maddə22) Tütün və tütün məmulatı haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Pis ya yaxşı, ticarət yerlərində gəlir vergisindən yayınanları, yol hərəkəti qaydalarını, asayişi pozanları, xüsusilə sərbəst toplaşmaq istəyənləri məsuliyyətə cəlb etməyə dövlət orqanlarının nümayəndələri tapılır amma tütün və tütün məmulatı haqqında qanun icrası hər addımda pozulmasına baxmayaraq buna görə heç kəs məsuliyyətə cəlb olunmur.
Düzdür, xaricdə də tütündən istifadə qaydalarına riayət olunmasını təmin etmək üçün hər küncdə bir polis dayanmır amma burda əhalinin siqaret çəkməyən hissəsi tütünlə bağlı qanunun pozulmasına çətin ki yol verə. Çünki hamı bilir ki, siqaretin tüstüsü nəinki onu çəkənə, eləcə də siqaret çəkənin yanında durub onun tüstüsünü udan “passiv siqaret çəkənə” də mənfi təsir göstərir. Tütün tüstüsünün tərkibində 7000 kimyəvi birləşmə var. Onlardan 250-si insana ziyanı var 69-unun isə xərçəng xəstəliyi törətdiyi bilinir. Tütünlə mübarizənin ciddi olduğu ABŞ-da ildə passiv siqaret tütün tüstüsündən 46000 adam ürək xəstəliyinə, 3400 adam ağ ciyər xərçənginə tutulub ölür. Tütün tüstüsünün təsirindən 1 milyon uşaq astmadan əziyyət çəkir.
Azərbaycanda bu mühüm səhiyyə məsələsinə yetərincə fikir verilmədiyi təəsüf doğurur. Tütünlə bağlı problemlər haqda müntəzəm danışmaq lazımdır, qanunların yerinə yetərilməsini ən azından vətəndaş səviyyəsində tələb etmək lazımdır. Cəmiyyət minlərlə adamın ölümünə səbəb olan bu səssiz qatilə biganə qalmamalıdır.
Gələn dəfə Azərbaycanda qapalı ictimai yerdə yanımda siqaret çəkən olanda həmin şəxsə qanunu pozduğunu mütləq xatırladacam.
Ardı var...
Recent Comments