Yadımda idi ki, muzey dagüstü parkla Nazirlər Kabinetinin binası arasında, beshmərtəbəli evin birinci mərtəbəsində idi, bir də o yadımda idi ki, oranı tapmaq asan deyildi. Küçənin adını, binanın nömrəsini tapmasam da qabağımızdakı binaya aparan pilləkənları görəndə yadıma düşdü ki, muzey hardasa yaxındadır. Biz muzeyə çatanda artıq saat 1:30 ötmüşdü.
Şənbə günü bacım qızı dərsdən çıxandan sonra onu muzeyə aparmışdım. Hər ehtimala qarşı getməmişdən iş saatlarını öyrənmək üçün zəng etdim. Məlum oldu ki, muzey səhər 11 də açılır 4-də bağlanır. İş vaxtının qalan hissəsində isə dedilər ki, orda tədqiqat gedir.
Telefonda qız: Şənbə günləri günorta saat 2 yə qədər açıq oluruq. Gələcəksiniz ki?
Mən: Hə, istəyirik gələk. (Qız telefonun o başında kiməsə “Gəlmək istəyilər” dedi)
Telefonda qız: Onda gəlməmişdən qabaq zəng edin (!). Dayanın, müdir sizinlə danışmaq istəyir. Müdir telefonu alıb iş saatlarını təkrarladı, bazar və bazar ertəsi işləmədiklərini dedi.
Qapıda üst geyimli, artıq getməyə hazır dayanmış gənc qız bizi görüb “hmm” kimi bir səs çıxardı. Qapıdakı qız: “Biz bağlanırıq.” Mən: “Bilirəm, hələ 20 dəqiqə var.”
Orda olduğumuz 10 dəqiqə ərzində bizə 4 dəfə “Tez olun, biz bağlanırıq.” dedilər. Qapıdakı qızla ünsiyyət qurmaq üçün keçmiş direktorun portretini görəndə dedim” Tofiq müəllim rəhmətə gedib? Məzəli kişi idi.” Qiz narazı tərzdə nə isə təsdiqlədi. Muzeydə bizdən başqa ziyarətçi yox idi.
Bakıda Təbiət Tarixi muzeyinin mövcudluğunu 8-9 il bundan qabaq Şotlandiyalı menecerimdən öyrənmişdim. Nyu-Yorkda, Çikaqoda, Londonda heyran olduğum təbiət tarixi muzeylərinin xoş təəsuratı hələ getməmiş biz də belə bir muzeyin olması xəbəri o vaxt məni çox sevindirmişdi.
Muzeyə də elə ilk dəfə həmin menecerlə, Ronni ilə getmişdik. Muzeyin o vaxtki müdiri bizə muzeye tur verib eksponantlari göstərirdi. Ronninin əllərini cibində görüb “Əllərini cibindən çıxart” dedi. Ronni tez əllərini cibindən çıxartdı. Muzeyin uzun, darısqal və qaranlıq nümayiş otağında Azərbaycanda tapılan mineral suxurlar, müxtəlif heyvan və bitki növləri köhnə nümayiş masalarında six- sıx yerləşdirilmişdi. Muzeyin ölçüsünə baxmayaraq eksponatları zəngin idi. Bələdçimizin maraqlı söhbətinə maraqla qulaq asa asa biz bölmədən bölməyə keçirdik. Birdən müdir Ronniyə “Sənə demedim əllərini cibindən çıxar?! ” dedi. Ronni günahkar uşaq kimi əllərini yenidən cibindən çıxartdı.
Sonralar şirkətin muzeylərə dəstək üçün ayırdığı müəyyən məbləği məhz bu muzeyə verilməsini təklif etmək üçün yenidən bu muzeyə getdim. Dedim:” Gəlin muzeydə bu pula dəyişikliklər edək, buranı yaxşılaşdıraq onda muzeyə gəlib gedənlərin sayı da artar. Müdir: “Biz heç istəmirik ki, bura çox adamın gəlib getsin. Onların dalınca kim buraları süpürüb təmizləyəcək? Parket də camaatın təpiyinin altında xarab olacaq.” Bu ABŞ-da, Britaniya Krallığında təbiət tarixi muzeylərində gördüyüm abı havadan, münasibətdən çox fərqli idi.
Dünyanın inkşaf etmiş ölkərərində təbiət tarixi muzeyləri ziyarətçilərə təbiətlə, tarixlə, etnoqrafiya ilə bağlı hər cür biliklər verən, əhalini müasir dövrün global və yerli ekoloji problemləri haqda maarifləndirən bilik və tədqiqat mərkəzləridir. Ən əsas da bu muzeylər ailələrin bir yerdə xoş vaxt keçirməsi üçün əlindən gələni edən mədəniyyət və istirahət mərkəzləridir. Burda mağazalar, restoranlar, kafelər ziyarətçiləri özlərinə cəlb etmək üçün bir biriləri iə bəhsə girir. Bütün bunlar muzeylərdə xoş bir abı hava, əyləncəli bir mühit yaradır. Muzeyin ətrafındakı plakatlar, işarələr isə muzeyə gəl-gəl deyir. Sözsüz ki, belə böyük muzeylər dövlət dəstəyi ilə yanaşı özləri də pul qazanmalı olurlar. Bunun üçün onlar mütəmadi olaraq yenilənən maraqlı ekspozisiyalar, maarifləndirici programlar, kurslar və hətta ailəvi muzeydə gecə qalmaq üçün turlar və bu kimi onlarla imnkanlar təklif edirlər. Burda sənin gəlişinnə həmişə şaddırlar. Hər gün qapilarını səhər 9-da açıb axşam 5 –də bağlayan bu muzeylər ildə cəmi 1-2 gün iş gün işləmir. Müqayisə üçün deyim ki, mən Zərdabi adına Təbiət Tarixi Muzeyinın isə nə içində, nə çölündə, nə də internet səhifəsində iş saatları barədə heç bir məlumat tapmadım.
Bu yaxınlarda ölkədəki ətraf mühitlə bağlı hesabatda yazmışdım ki ümumilikdə əhalinin ekologiyayanın əhəmiyyətinə verdiyi qiymət aşağıdır. Soruşdular ki, "Niyə?" Sözsüz, bunun bir sıra iqtisadi- siyasi səbəbləri var. Səbəblərdən biri də odur ki, inkşaf etmiş ölkələrdə bu sahədə aktiv fəaliyyət göstərən çoxlu sayda institutlar, təbiət tarixi muzeyləri, botanika bağları, saysız hesabsız cəmiyyələr, qorunan əraziləri və milli parkları bizdə ya əhaliyə heç bir xidmət göstərmir ya da bu xidmət çox zəif olur. Xaricdə bu cür tədqiqat-təbiət mərkəzləri daim fəaliyyətini genişləndirmək, pərəstişkarlarına daha maraqlı programlar təklif etmək üçün öz işlərinə yaradıcı yanaşırlar, muzeyə gələnlərin sayını artırmaq üçün əllərindən gələni edirlər. Burda işçilər bilirlər ki, onların maaşı bir başa onların fəaliyyətinin keyfiyyətindən, ortaya qoyduğu yaradıcılıqdan, təşəbbüsdən asılıdır.
Azərbaycanda isə belə institutlarda işləyən, maaşı 125 -150 AZN olan işçisinin nə təşəbbüs göstərməyə, nə də işə can yandırmağa bir o qədər də marağı yoxdur çünki bu, onun maaşını artırası deyil, hələ bilmirsən üstündə olan qatbaqat müdiriyyət buna necə baxacaq. Məsələn, Milli Parkın elmi işçisi günorta 12-də işdən çıxıb ailəsini dolandırmaq üçün kənddə bərbərlik edirsə, əkin əkirsə burda hansı elmi işdən söhbət gedə bilər? Yaxud, Milli Parka girmək üçün qapıda bilet almaq əvəzinə Kapital banka gedib orda pulu keçirdib qəbz gətirmək tələb olunursa burda ziyarətçilərin rahatçılığına hansı qayğı göstərilir? Qoy bizdə də bu cür institutlarda xidmətlər pullu olsun, amma olsun, özü də keyfiyyətli.
Zərdabi adına Təbiət Tarixi muzeyi mənə bizim bir çox muzeylər kimi məqsədi ancaq köhnəni qoruyub saxlamaq olan, keçmişdə donub qalmış, bu günlə əlaqəsi olmayan ruhsuz bir dəfinəni xatırladır. Muzeyin yerləşdiyiy binanın “yeniləşdirilməsi” nətiəcsində indi muzey arkaların arxasında qalıb deyə onu kənardan görmək, tapmaq daha da çətin olub.
Düzdür, bu dəfə muzeydəki eksponatların düzülüşündə, avadanlığın, muzeyin ümümi vəziyyətində yaxşılığa doğru bir xeyli dəyişiklik gördüm. Döşəməyə də başdan başa təzə, enli qırmızı palaz salmışdılar. Görünürdü ki, indi muzeydə parketi ziyarətçilərin təpiyindən əvvəlkindən daha yaxşı qoruyurlar.
Recent Comments